Suda qərq etsə də ey dil, məni-naçarı yağış
Söndürə bilmədi qəlbimdəki odları yağış
Göydə səyyarələr ağlar bir bax bu su da
Yarı səyyarələrin göz yaşıdır yarı yağış
Soyuq ahım ki buludlu göyə getdi, çatdı
Ol zamandandı tutub çölləri, gülzarı yağış
Necə ar eyləməyib busə o güldən dilədim
Yuyub üzdən aparıb yoxsa həya, arı yağış
Əhli-eşqəm mənə ey dil, nə gərək sərvətü-var
Könlümün sərvəti atəş, gözümün varı yağış
Necə gör mö’cüzəli bir sədəf imiş yanağın
Ona dəydikcə səpər hər yana mirvari yağış
Göz yaşım görsə bilər sirrimi xəlq, əhsən ki
Qoymadı faş ola qəlbimdəki əsrarı yağış
İstəmir zərrə qədər toz da qala gül üzdə
Ol səbəbdəndi yuyur çöhreyi-dildarı yağış
Kə’beyi-kuyinə üz tutmuş ikən eşq əhli
Yağdı ki, pak eləsin bir belə zəvvarı yağış
Dinlə, gör bir nə həzindir yağışın zümzüməsi
Yoxsa ki istəyir ötsün kamanı, tarı yağış
Bircə an, ey pəri, cəlb etmək üçün diqqətivi
Gündə kuyində təmizlər dərü-divarı yağış
Fəhminin kimsəsi yoxdur bu biyabanda, gülüm
Dostu sirdaşı külək, həmdəmi qəmxarı yağış
Yazar İlqar Fəhminin saytına xoş gəldiniz!!!
Kaydol:
Kayıt Yorumları (Atom)
1 yorum:
Salam hörmetli İlqar Fehmi.Hem "Şems"meclisinin üzvleri hem de öz adımdan bildirirəm ki,Sizin yaradıcılığınızı heddinden çox beyenirik.Sizin yazılarınızı maraqla izləyir və Vahid poeziya evinə gələn ustadlardan Ənvər Nəzərli,Ələmdar Mahir və bu kimi dəyərli insanlardan Sizin haqqınızda soruşur və hər zaman haqqınızda eşitdiyimiz dəyərli sözlərə görə sevinirik.Çox arzu edirik ki Siz bizim məclisimizin üzvləri ilə görüşüb,dinləyib öz dəyərli tövsiyələrinizi verəsiniz.
Hörmətlə--- Elnarə Şəms,Xatirə Vaqif,Dilşad Qəmli.
Yorum Gönder