Yazar İlqar Fəhminin saytına xoş gəldiniz!!!

Yağışam mən

İnsan deyiləm, indi bunu anlamışam mən,
Eşq adlı buluddan süzülən bir yağışam mən,
şıltaq yağışam mən.

Yağdırsa da çirkabə məni qarə buludlar,
Qəlbimdəki şəffaflığımı saxlamışam mən,
çünki yağışam mən.

Hər gün döyürəm pəncərəsin sevgili yarın,
Yox ayrı yolum ki, ona dərdim danışam mən,
dilsiz yağışam mən.

İsbat eliyə bilməyirəm eşqimi heç cür,
Mümkün ki deyil eşqin oduna alışam mən,
çünki yığışam mən.

Yarın evinin dövrünü dəryayə çevirdim,
Çox şükr, rəqibin yolunu bağlamışam mən,
qısqanc yağışam mən.

Yağsam da yerə, göylərə qaytar məni, ya rəbb
Torpaqlara biryolluğa qoyma qarışam mən,
çünki yağışam mən.

Fəhmi, mənim eşqim ola bilməz ki, tükənsin,
Eşq aldı buluddan süzülən bir yağışam mən,
bitməz yağışam mən.

2 yorum:

Cemil dedi ki...

Ilqar bəy sizin şerlər bəlkədə qəzəl və indiki zamanda ədəbiyyatı saxlayan şerlərdir. belə davam edin !!!

Unknown dedi ki...

Çox gözəl...