Yazar İlqar Fəhminin saytına xoş gəldiniz!!!

Qəzəllər

Budaqlardan yerə gəlmiş qonaqlar, sarı yarpaqlar
Qonaq? Yox, yox yetim qalmış uşaqlar,-sarı yarpaqlar

Küləklə dost olub çox gəzdilər birlikdə dünyanı
Yəqin mən tək o cananı soraqlar sarı yarpaqlar

Ayağın dəydiyi hər bir yerə üz sürtmək istərlər
Odur şövq ilə torpağı qucaqlar sarı yarpaqlar

Yenə sənsiz göz ağlar, cism üryan, çöhrə sapsarı
Payızdır, gur yağış, çılpaq budaqlar, sarı yarpaqlar

Deyirlər hər ağac bir aşiqin qəm dəftəri olmuş
Bu dəftərdən qopan solğun varaqlar- sarı yarpaqlar

Elə bil tapdalanmış haqqıdır məzlumların yerdə
Bu az ömründə çox görmüş ayaqlar, sarı yarpaqlar

Eşitsən bağçada yüngül xışıltı, anla ki Fəhmi
Bilib talelərin sakitcə ağlar sarı yarpaqlar


***

Ağ duman tək yuxuna kaş ki, gələydim gecələr,
Qəmli ruhun haralar gəzdi, biləydim gecələr.

Hər səhər sübh nəsimiylə doğulmaqçün kaş,
Baş qoyub sinənə sakitcə öləydim gecələr.

Bölünüb min yerə, hər zərrəmi bir ulduz edib,
Başın üstündə səmaya düzüləydim gecələr.

Ağlayıb gündüzü biçarə bulud tək sənsiz,
Baxaraq göz yaşıma sənlə, güləydim gecələr.

Sən qaranlıqda ayı seyr elədikcə, mən də,
Ruhuna ay işığıyla süzüləydim gecələr.

Baş daşım üstə dodaq izlərini öpmək üçün,
Allahımdan da xəbərsiz diriləydim gecələr.

Fəhminin qəlbidə son arzu qalmış yalnız,
Ağ duman tək yuxuna kaş ki, gələydim gecələr.

***

Məgər heyran olubdur hüsnünə, ey məhliqa kölgə
Ki ardınca sürünməkdən yorulmur binəva kölgə

Bir aşiqdir ki cismində təmamən dağsız yer yox
Görənlər zənn edər düşmüş dalınca bir qara kölgə

Həsəddən lalə tək qan oldu bağrım görcəyin ey şux
Tutub daim ayağından öpür hey bihayə kölgə

Nə qədri var idi dost-aşina, qeyb oldu dar gündə
Yanımda qaldı yalnız bir həqiqi aşina – kölgə

Nə qədri dərdü-qəm vardırsa cismimdə, çıxar ol dəm
Bir anlıq başıma salsa əgər ol dilrüba kölgə

Nədən rəngin dəyişmir, çıxmayır matəm libasından
Yəqin ki bir şəhidi-eşq üçün saxlar əza kölgə

O qədri incəlibdir dərdü-qəmdən Fəhminin cismi
Görənlər bilməyir ki, canlı məxluqdur bu, ya kölgə

***

Durmuşam sahildə tənha, bir dənizdir, bir də mən
Gözdən itmiş sanki dünya, bir dənizdir, bir də mən

Vaxt var idi birgə idik, sevgilim, mən və dəniz
İndi yox heyf ol dilara, bir dənizdir, bir də mən

Cümlə aşiqlər səni görmək ümidin üzdülər
Göz dikən yoluna bica bir dənizdir, bir də mən

Axşam oldu, hamı yatdı, həsrətindən yatmayan
Görməyən heç vaxtı rö’ya bir dənizdir, bir də mən

Çoxları görcək səni öz eşqin e’lan eyləyib
Çağlayan eşqinlə amma bir dənizdir, bir də mən

Bir zaman Məcnun idi divanə, səhra məskəni
İndi yox Məcnun, nə səhra, bir dənizdir, bir də mən

Fəhmi, həsrət üçbucağı çəkdi tale ruhuma
Yaxşı bax, bir qəmli xülya, bir dənizdir, bir də mən

***
Sinəm dar bir qəfəsdir, orda sevdalı ürək dustaq
Qalıb biçarə bu zülmətdə müddətdir ki tək dustaq

Gözüm yaşın töküb ah eylərəm hicran otağında
Nədir bu? Dörd divar içrə yağış məhbus, külək dustaq

İlahi, hər duanın dövrəsin min-min günah tutmuş
Ya qanundur tikan içrə ola hər bir çiçək dustaq

Dayanma cismdə, sındır, dağıt bu məhbəsi, könlüm
Azad olmaq ümidin gəsməsin heç vaxt gərək dustaq

Mən iblisin əcəl zindanıyam ki tanrıdan gizlin
İçimdə ahü-fəryad içrə minlərlə mələk dustaq

Fələk zülmü kəsilməzsə bezib ruhlar qiyam eylər
Bu aciz ruhlara bir gün olar çərxi-fələk dustaq

Göyə baş vurmaq istərsən, buna Fəhmi, gücün çatmaz
Yerin tərkində əvvəl olmasan fəvvarə tək dustaq

***

Ver sərvətini, şöhrəti-şanı yel aparsın
Qoyma fəqət əhd ilə vəfanı yel aparsın.

Dilbər, elə məst etdi məni saçların ətri
Az qaldı gözümdə bu cahanı yel aparsın.

Saf eşqimizi məhv edə bilməz dəli hicran
Harda görünübdür ki, şüanı yel aparsın.

Tutmuş yenə ətrafımızı hicr dumanı
Ey sinə,bir ah çək bu dumanı yel aparsın.

Cismim elə incəldi bəla, dərd yükündən
Az qaldı ki, mən bəxtiqəranı yel aparsın.

Aç ruhumuzun pəncərəsin ey ulu tanrım
Qoy fitnə-fəsad, hiylə- riyanı yel aparsın.

Yetmir duam allahıma, Fəhmi, xahiş eylə
O yerlərə bəlkə bu duanı yel aparsın.

***

Nədəndir sakit olmaz, hər gün aramsız əsər xəzri,
Yə’qin ki, axtarır hər yerdə ol güldən əsər xəzri.

Rəva görməz özündən başqa bir kəs o gülə baxsın
Onunçün gözlərimə gündə toz-torpaq ələr xəzri

Necə gör bir sınıbdır qol-budağım, öylə bil ki, mən
Açıqlıqda bitən tənha çinarəm, qəm-kədər xəzri

Səbanın istirahət vaxtı çatmışsa, zərər yoxdur
Saçın ətrin bu gündən ver gətirsin hər səhər xəzri

Ayağın dəydiyi hər zərrə torpağı öpərdim mən
Götürüb qaçmasaydı məndən əvvəlcə əgər xəzri.

Bir an da istəmir ki, səndən ayrılsın, onunçün də
Bu yerlərdən kənara etməz heç bir vaxt səfər xəzri

Bu yanda Fəhmi tək aşiqlərin qalmış sənə həsrət
O yanda çəkmiş ağuşa səni o bəxtəvər xəzri

***
Gecələr göydə səni çox gəzib axtardı yuxum
Zülmətin baqrını ağ eşqi ilə yardı yuxum

Gəlməyirsən yuxuma xeyli zamandır, bəlkə
Hüsnünün hədsiz olan nuru üçün dardı yuxum

Gah buludlu göy olur, gah dəli, tufanlı dəniz
Gah da qəm ətri verən laləli gülzardı yuxum

Ağlayıb yalvarıram hər gecə ki, rəhm eləyib
Səni bir anlığa bəlkə mənə qaytardı yuxum

Gözümə xeyli zamandır ki, görünmür, utanır
Tapa bilmir səni, qarşımda günahkardı yuxum

Sən ki, getdin, o zamandan da yuxum qeyb olmuş
Ayrılıq sanki günəşdi, əriyən qardı yuxum.

Vardı günlər ki, görərdi yuxuda Fəhmi səni
Necə xoşbəxt zamanlardı, hələ vardı yuxum.

***

Mən ki öz şe’rimə bükdüm qəmi misra-misra
Qəm də şe’rimlə gəzir aləmi misra-misra

Dərdimi bildi təbibim, mənə bir şe’r oxudu
Sanki çəkdi yarama məlhəmi misra-misra

Qələmimlə yığıram düzmək üçün ağ kağıza
Gül yanaqlarda donan şəbnəmi misra-misra

En səmadən mələyim ki səni vəsf etmək ilə
Dağıdım qəlbə dolan matəmi misra-misra

Yazılır dəftəri-eşqə ürəyim qanı ilə
Ömrümün sənsiz ötən hər dəmi misra-misra

Sevmişəm bir gülü ki varlığa bir incə qəzəl
Nazı beyt-beyt eliyir, çəm-xəmi misra-misra

Bəlkə Həvva da o vaxt Fəhmi kimi şair olub
Yə’ni yoldan çıxarıb Adəmi misra-misra

***

Yollarda qalıbdır ala gözlər, səni gözlər
Yaş töksə də hər gün yenə gözlər səni , gözlər

Ey qəmli könül yelkəni, durma daha üz get
Həsrətli ürəklərdə dənizlər səni gözlər

Gül çöhrəni seyr etmək üçün növbə çəkirlər
Ay gecə, günəş isə günüzlər səni gözlər

Sanma ki, çəməndə bu qədər lalədi, şahım
Al qırmızı örpəyli kənizlər səni gözlər

Görcək səni diz çökməmək olmur, mələyim,gəl
Qatlanmağa hazırdır bu dizlər, səni gözlər

Ey ruhuma həmdəm qələmim, bəsdi dayandın
Qəlbdən süzülən qüssəli sözlər, səni gözlər

Sən gəldiyin o yolları bu Fəhmi həvəslə
Göz yaşı ilə gündə təmizlər, səni gözlər.

2 yorum:

Unknown dedi ki...

Mükəmməl

efeabacharach dedi ki...

Why you should keep track of games online
At 오산 출장샵 this point, the top 20 games 익산 출장샵 with 대구광역 출장마사지 the 양주 출장샵 highest RTPs 광양 출장샵 are: Slots Empire (2020), Golden Nugget (2020), and DoubleDown (2015).