Təzələrdəndi. Az qala saç-saqqalı ağarmağa başlasa da, ədəbiyyatımızın gənc imzaları deyəndə İlqar Fəhmi də yada düşür. Özü də yaradıcılığa qəzəlxanlıqla başlayıb nəsrlə davam etdirən yazar kimi.
- Sənə qədər də cəhd edən olub. Şair kimi tanıdığımız Fikrət Qoca nəsrində daha güclü və səmimidir. Bununla belə şeirdən nəsrə keçid səninlə qoyuldu.
- Dünya ədəbiyyatında bu normal qarşılanır. Şeirdən nəsrə, kinossenariyə, esseyə keçid adi haldır. Ramiz Rövşəni hamımız şair kimi tanıyırıq, amma çoxlu sayda filmlərin ssenari müəllifidi.
- Bu keçid hansı ehtiyacdan yarandı?
- Yazı yazmağa məndə pataloji tənbəllik vardı. Yazmaqdan dəhşətli dərəcədə zəhləm gedirdi. Hətta ali məktəbdə oxuyarkən leksiyaları diktafona yazıb sonra öyrənirdim. Şeri də tənbəllikdən yazırdım. İki-üç bənd tezbazar qaralayırsan, qurtarıb gedir. İlk oğlum təzəcə anadan olmuşdu, hiss etdim ki, dəhşətli şəkildə yazmaq istəyirəm. Amma o vaxta qədər mənə desəydilər ki, sənin hekayən çıxıb, gülərdim ki, adam da hekayə yazar?
- Bəs deyirlər istedad hər şeyi həll etmir, yazıçı özünün oturmaq vərdişinə borcludur, filan?
- Mən də otururdum, elə vaxt olub ki, həftə ilə otaqdan çıxmamışam, amma yazı yazmaq üçün yox. Mütaliə edirdim.
- Şerində də, nəsrində də etnoqrafik nəsə hiss olunur. Bu nədir, köhnə Bakı aurası?
- Bakının etnoqrafiyası, təfəkkür və düşüncə tərzi bütün Azərbaycan içində İslama ən yaxın olanı və onu qoruyub saxlayanıdır. Maraqlıdır ki, paytaxt olduğundan bütün təsirlərə maksimum dərəcədə yaxın olmasına baxmayaraq yenə bu etnos özünü qoruyub saxlaya bilirdi.
- Bəlkə ədəbiyyatımızın paytaxt-əyalət davası da bu mühafizəkarlıqdan qaynaqlanırdı?
- Yox, əyalətdən gələnlərlə mübarizəyə etnosun dəxli yox idi. Bu, sırf özünün xüsusi qatını yaradan, erməni, tatar, yəhudi və kosmopolit bakılılardan ibarət bir təbəqə idi. Yəni bakılılar yox, psevdobakılılar.
- Uzun müddət Azərbaycan ədəbiyyatında dediyin o psevdobakılıların xüsusi çəkisi olub. Amma Sovet dağılan kimi əyalət ədəbiyyatının nüfuzu artdı.
- Həmin o ziyalı təbəqənin arxasında mərkəzin dəstəyi dayanmışdı. Boşluq yaranan kimi əyalət özünü irəli verdi. Əyalətdən gəlib Azərbaycan etnoqrafiyasının incəliyini yazan adam mərkəz üçün maraqlı deyildi və onun meydana yolu bağlı idi. Bu təbii idi. İllərlə əyalətin içərisində yığılıb qalmış enerji onu irəli itələməliydi. Yoxsa ki, mübarizə, qalibiyyət söhbətləri əsassızdır.
- Bakının da öz etnoqrafik ədəbiyyatı olub axı.
- Bakının özünün aurası heç mübarizə də aparmayıb. Çəkilib kənara, salıb başını aşağı və öz məktəbini yaradıb. Nə öz təsirini göstərib, nə də paralel inkişaf etdiyi ədəbiyyatdan təsirlənib.
- Maraqlıdır ki, bu məktəbin nəsri yoxdur.
- Hə, ancaq divan ədəbiyyatıdı. Nəsr yaratmağa meyilli olanlar da keçiblər qarşı tərəfə, Yazıçılar İttifaqının üzvü olublar, oradan qırılıb bura gəliblər. Bakı məktəbi isə öz axarı ilə gedib - Vahidə qədərki ədəbiyyat, Hacı Mailgil, Ələkbər Şahidin müasirləri, 90-cı ildən sonra gələnlər. Bizdə nəsr yaradan olmayıb.
- Sən də həmin ədəbiyyatın nümayəndəsisən və yaratmağa başladığın nəsrdən həmin etnoqrafiyanın iyi gəlir.
- O məktəbin bir çox ideyaları var ki, onları nəsrə tranformasiya etmişəm. Divan ədəbiyyatında realizm yoxdur. Miniatür ədəbiyyatı xatırlayın. Hər şey gözəldir, rənglərdə kölgə yoxdur, qış fəsli heç vaxt təsvir olunmur. Həmişə yazdır, ağaclar, çiçəklər və sair. Burada ağrı-acı, əzab-əziyyət yoxdur, hər şey dekorativ xarakter daşıyır. Divan ədəbiyyatında da eynən belədir. Dərdini, bəlasını danışır, amma sən ağrı-acı hiss eləmirsən. Necə ki, miniatür ədəbiyyatın psixoloji əsnasında insanın ən gözəl halını, dünyanın ən gözəl vaxtını və dövrünü təsvir etmək dayanır, divan ədəbiyyatında da elə. Hətta ən acı şikayət belə zövq üzərində qurulur. Mən də öz yazdıqlarımda həmin o dekorasiyadan istifadə edirəm. Özü də bu bilməyərəkdən yaranıb. “Aktrisa”nı götür. Deyə bilməzsən bu hadisələr həyatda ola bilməz. Amma eyni zamanda bilirsən ki, ola bilməz bu. Söz düşmüşkən, o əsərdə mən eksperiment etmişəm. “Aktrisa” iki hissədən ibarətdir. Birincidə bütün hadisə təsvir olunub. Düşünürsən ki, ikincini oxumasan da olar. Tutaq ki, hissələri bir-birindən ayır, iki ayrı-ayrı əsər alınacaq. Hadisələr başlanır və süjet bitir. Əslində hadisələrin psixoloji məqamı ikinci hissədə açılır. Mən öz ləhcəmlə desəm birinci hissə ilə oxucuya tilov atmışam ki, ikincini də oxusun. Amma bütün yazdıqlarımda bir teatrallıq var ki, bu da həmin o divan ədəbiyyatından gəlmədi.
- Mistika ilə qarışan bu dekorasiya, bu gözəllik Allaha şükranlıqdan qaynaqlanmır ki?
- Bəlkə də... Bu ümumi Şərqin prinsipidir və təkcə XX əsrdə həmin divan ədəbiyyatının davamçısı olan Bakı məktəbinə xas deyil. Amma, ümumiyyətlə, bizim Şərq sənətində dekorativlik həmişə yüksək olub, realizmdən maksimum dərəcədə qaçıblar. O dövrdə də müharibələr olub, insanlar bir-birini qırıb, amma müharibələr dövründə Şərqdə “Kral Lir” yazılmayıb. Şərqdə “İskəndər Zülqərneyn” yazılıb. Yəni kralın mənfi tərəfi yox, müsbət tərəfləri göstərilib. Bu da Şərq təfəkkür tərzindən qaynaqlanırdı. Mən də əsərlərimdə obrazları bir qədər dekorativləşdirmişəm, onların xarakterini açmağa cəhd göstərməmişəm. Birinci məqsəd odur ki, hər şey öz gözəlliyi ilə insanın gözünü qamaşdırsın. Özünün həyatda çatmadığın zövqü, gözəlliyi əsərdə hiss edəsən. Amma bir az da ifrata varanda pafosa gəlib çıxır. Ora gedib çıxmasın deyə hərdən fikirlərimi yığıram. Mən pafosdan qorxuram.
- Bu gün Bakı məktəbinin ədəbiyyatı yaranırmı?
- Səpələnmiş formada. 2000-ci ilə qədər çox kompakt şəkildə inkişaf edib. Axır vaxtlar dağılıblar. Bir neçə dəfə cəhd elədik yığılıb təşkilatlanaq, təəssüf ki, alınmadı. Amma yenə də Bakı mühitindən ədəbiyyata gəlmək istəyən kimi dindirsən qəzəl yazdığını görərsən. Baxmayaraq ki, artıq o mühit qalmayıb.
- Ümid edirsənmi, daha dərinlərə varmaq imkanları olduğundan qəzəl öz yükünü onun çiyninə qoyacaq və Bakı məktəbi də yavaş-yavaş nəsr yaratmağa başlayacaq?
- Bəlkə də. Bakı məktəbinin yaradıcılığı belədir də. Birinci zahiri gözəl olmalıdı, içinə sonra baxarıq. Mən o şeyi göstərirəm ki, onu hamı bilir. Amma elə gözəl göstərmək istəyirəm ki, desinlər biz heç bilmirdik bu belə gözəldir. Həm də bu gözəlliyi dedektivdən keçirib təqdim edirəm.
- Dedektiv Bakı məktəbinə xas olmayan bir janrdı.
- O vaxt-mən qəzəl yazanda bir dəfə zarafatla dedilər ki, sən Çingizlə dostsan. Ona de ki, mən qəzəl yazıram, sən dedektiv, amma bunlar bir-birinə yaxın janrlardı. Bunu “prikola” tutmaq üçün deyirdilər. Amma mən özüm deyirəm ki, bu iki janr arasında çox böyük bağlılıq var. Hermetik dedektiv deyilən bir janr mövcuddur. Tutalım ki, qapalı məkanda beş-altı adam yığılır, səhər yuxudan durub görürlər ki, bir qətl törədilib. Qətli bu məkandakılardan birinin törətdiyi şübhəsizdir. Dünya ədəbiyyatında, kinosunda belə nümunələr kifayət qədərdi. Yəni başqa janrlarda enirsən, psixoloji qat, sətiraltı ifadələr, nə bilim fəlsəfə, filan. Amma burada hara fırlansan, hara getsən də gəlib çıxırsan başladığın nöqtəyə. Bu mütləqdir və qəzəldə də belədir. Sərbəst nə düşüncə verirsən ver, axırda gətirib rədifə bağlamalısan. Dedektivdə də, qəzəldə də dairən qapalıdı.
- Belə çıxır ki, Azərbaycan ədəbiyyatına təzə janr gəlir?
- Mən klassik Şərq ədəbiyyatını - divan ədəbiyyatını və dünya ədəbiyyatından isə əsasən dedektiv oxumuşam. Mənim yazdıqlarımın məzmunu, mənası klassik Şərq, forması isə Qərbin kütləvi ədəbiyyatından gəlir. Təbii ki, əsərlərim bu iki janrın vəhdəti prinsipləri üzərində qurulur. Yəni orta əsrlər divan ədəbiyyatının təfəkkürü ilə, 20 əsr dedektiv, mistika ədəbiyyatının sintezi. Bu, Azərbaycan ədəbiyyatında yeni yoldur. Amma mənim getdiyim yolun böyük bir qüsuru var: əgər kütləviliyə meyl edirsənsə, hara fırladırsan fırlat o əsər “adnarazıvıdır.”
- Nə mənada?
- Yəni oxucu mütaliə etdi, əyləndi, əsərlə yaşadı və bitdi. Daha ikinci dəfə onu oxumağa səbri çatmayacaq.
Söhbətləşdi: Kəbutər ("Yeni Azərbaycan" qəzeti)
Hiç yorum yok:
Yorum Gönder